Haqqımızda Reklam
24 
Avq
2026
05:36
2
1
555

Kimlər məktəbli formasını pulsuz əldə edə biləcək? Nazirlikdən açıqlama

Gürcüstan hökuməti məktəbli forması ilə pulsuz təminat məqsədli proqramda dəyişiklik edib. 24News.ge xəbər verir ki, dəyişikliyə əsasən, dövlət məktəblərinin ibtidai sinif şagirdlərinin pulsuz məktəb formaları ilə təmin olunacağı ərazi və benefisiar dairəsi genişləndirilib. Müvafiq dəyişiklik hökumətin avqustun 21-də qəbul etdiyi №406 saylı qərarla qüvvəyə minib. Qərarı Baş nazir İrakli Kobaxidze imzalayıb. Edilən dəyişikliklərə əsasən, proqramdan çoxuşaqlı sosial cəhətdən həssas ailələrin uşaqları da yararlana biləcəklər. Daha dəqiq desək, sənədin yeni redaksiyasına əsasən, proqrama çoxuşaqlı (dörd və daha çox uşağı olan) valideyn statusuna malik şəxslərin, sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan və ailəsinin reytinq balı 65 000-dən çox, 120 001-dən az olan uşaqları da əlavə edilib. Qərarda qeyd olunur ki, benefisiarların müəyyənləşdirilməsini Təhsilin İdarə Edilməsi üzrə İnformasiya Sistemi (EMIS) Sosial Xidmətlər Agentliyi və Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ilə elektron məlumat mübadiləsi əsasında həyata keçirir. Yoxlanılmış məlumatlar formaların təmin edilməsi məqsədilə hər il, ən geci avqustun 27-də, “Təhsil Resursları” MMC-yə təqdim ediləcək. Sənəddə həmçinin bildirilir ki, proqram Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə ayrılmış dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir. Qərar dərc edildiyi andan qüvvəyə minib. Kimlər məktəb formasını pulsuz alacaq? Məlumat üçün bildirək ki, Gürcüstan hökumətinin avqustun 3-də qəbul etdiyi “Ümumi təhsilin ibtidai pilləsində məktəb şagirdlərinin məktəbli geyimi ilə pulsuz təmin olunması məqsədli proqramının təsdiq edilməsi haqqında” qərara əsasən, məktəb formasını pulsuz alacaq uşaqların altı kateqoriyası artıq müəyyən edilmişdi. İlkin mərhələdə nəzərdə tutulduğu kimi, proqram çərçivəsində dövlət məktəblərinin ibtidai pilləsində təhsil alan və aşağıdakı kateqoriyalara daxil olan şagirdlərə məktəbli geyimi pulsuz veriləcək: a) Sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan və ailələrinin reytinq balı 65 001-dən aşağı olanlar; b) Himayədar ailədə tərbiyə edilmə üzrə dövlət proqramına cəlb olunanlar; c) Kiçik ailə tipli evlərdə yerləşdirilənlər; d) Evsiz uşaqlar üçün sığınacaq xidmətindən yararlananlar; e) Tbilisi Uşaq Evində yerləşdirilənlər; f) 2022-ci il fevralın 24-də Ukraynada başlayan müharibə nəticəsində Ukraynanın ümumtəhsil müəssisəsində təhsillərini davam etdirə bilməyən və Gürcüstanın dövlət məktəblərinə qəbul olunanlar. Proqramın benefisiarlarına Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun olaraq, təsdiq edilmiş nümunədə məktəbli geyimi pulsuz təqdim olunacaq. Bununla yanaşı, məlum olub ki, proqram benefisiarına veriləcək məktəbli geyim dəsti aşağıdakılardan ibarət olacaq: • - Oğlanlar üçün: 1 pencək və 2 şalvar; • - Qızlar üçün: 1 pencək, 1 şalvar və 1 ətək. Xatırladaq ki, 2026–2027-ci tədris ili üçün dövlət məktəblərinin ibtidai sinif şagirdləri üçün məktəb formalarını “Təhsil Resursları” MMC Çində yaradılmış “Glory Textile Industry” MMC şirkətindən alacaq. Şirkət Çində yaradılıb, Gürcüstanda isə 2026-cı ilin martında qeydiyyatdan keçib. Formalara gəlincə, həm qızlar, həm də oğlanlar üçün pencəyin qiyməti 45 lari, şalvarın qiyməti isə 25 lari olacaq. Qısa ətəyin qiyməti də 25 lari müəyyən edilib. Uzun ətək də 25 lari olacaq.

www.24news.ge