Haqqımızda Reklam
27 
Nybr
2026
18:13
3
6
822

DİN rəhbəri: "Türkiyə azarkeşlərinə məxsus 100-ə yaxın təxribatçı banner müsadirə edilib"

Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Batumidə “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən futbol matçı zamanı baş verən hadisələri şərh edib. 24News.ge xəbər verir ki, nazirin sözlərinə görə, matçdan əvvəl sərhəddə aparılan polis tədbirləri nəticəsində ölkəyə təxminən 100 ədəd təxribatçı məzmunlu bannerin gətirilməsinin qarşısı alınıb. Tamazaşvili bildirib ki, bannerlərin bir qismi çox böyük ölçüdə olub və onların məzmunu Gürcüstan üçün təhqiredici xarakter daşıyıb. Nazirin sözlərinə görə, həmin bannerlər günün birinci yarısında azarkeşlər tərəfindən sosial şəbəkələrdə paylaşılıb və onlarla birlikdə fotolar çəkdirilib. Bu paylaşımlar Gürcüstan vətəndaşlarının mənfi reaksiyasına səbəb olub: “Biz bunun qarşısını çox effektiv şəkildə aldıq. Sərhəddə keçirilən polis tədbirləri çərçivəsində bannerlərin ölkəyə gətirilməsinə mane olundu. Təxminən 100-ə yaxın çox çirkin və təxribatçı məzmunlu banner, o cümlədən bir neçəsi çox böyük ölçüdə olan materiallar götürülərək müsadirə edildi. Matçdan əvvəl polis attaşeləri vasitəsilə bu barədə məlumat mübadiləsi aparıldı və türkiyəli həmkarlarımız bizə təşəkkür etdilər. Həmin məzmunlu bannerlər matç zamanı stadionda istifadə olunsaydı, proseslər həqiqətən də nəzarətdən çıxa bilərdi”, – deyə nazir bildirib. Tamazaşvili qeyd edib ki, bannerlər barədə məlumat günorta saatlarında açıq mənbələrdə yayılsa da, axşam saatlarına qədər onların stadiona gətirilməsinin qarşısı alınıb və matç zamanı heç bir banner nümayiş etdirilməyib. Sulxan Tamazaşvili Batumidəki hadisələrlə bağlı polis əməkdaşlarının fəaliyyətini də yüksək qiymətləndirib. O bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları mümkün böyük təhlükənin qarşısını alıb və ictimai asayişin qorunması vəzifəsini layiqincə yerinə yetiriblər. Nazirin sözlərinə görə, keçirilən polis tədbirləri zamanı Xüsusi Tapşırıqlar Departamentinin dörd əməkdaşı xəsarət alıb. Tamazaşvili futbol matçı zamanı baş verən hadisələrlə əlaqədar inzibati qaydada saxlanılan şəxslərin sərbəst buraxıldığını bildirib. O qeyd edib ki, bununla belə, onlar barəsində başlanmış inzibati icraatın nəticəsində məhkəmə tərəfindən müəyyən müddətə Gürcüstana giriş qadağası tətbiq oluna bilər. O, həmçinin türkiyəli həmkarı ilə telefon danışığına toxunaraq bildirib ki, yayılan səs yazısı söhbətin yalnız bir hissəsini əks etdirir. Nazir əlavə edib ki, danışığın tam yazısı olsaydı, Türkiyə azarkeşlərinin təxribatçı hərəkətləri barədə həmkarına verdiyi məlumatların yer aldığı hissəni də ictimaiyyətə təqdim edərdi.

www.24news.ge