Haqqımızda Reklam
09 
Dek
2022
11:01
26
15
1013

Etnik azlıqlara əsil soyadların verilməsi üçün effektiv mexanizm yaradılacaq

Gürcüstanda yaşayan etnik azlıqların nümayəndələrinə autentik, yəni onların etnik adət-ənənələrinə və mədəni özünəməxsusluğuna xas olan prinsip əsasında soyad verilməsi istiqamətində effektiv mexanizm yaradılıb. 24News.ge xəbər verir ki, bununla bağlı parlament üzvləri Mixeil Sarjveladze, İsko Dasen, Zaur Darğallı, Savalan Mirzoev, Qoqi Meşveliani, Aluda Ğuduşauri, Sozar Subari, Anton Obolaşvili və Samvel Manukinyanın təşəbbüsü ilə "Tarixi-mədəni ənənələrə uyğun olmayan soyadların dəyişdirilməsi haqqında" adlı qanun layihəsi hazırlanıb. Məlumata əsasən, sözügedən qanun layihəsi İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin iclası çərçivəsində Bolnisi bələdiyyəsində birinci oxunuşda müzakirə edilib. M.Sarjveladzenin sözlərinə görə tarixi və mədəni ənənələrə uyğun olmayan soyadların dəyişdirilməsi ideyası bir neçə il əvvəl ölkədə yaşayan yezidi etnik azlıq qrupunun yazılı müraciəti əsasında yaranıb. Məsələni araşdırandan sonra məlum olub ki, oxşar problemlərin həlli müxtəlif milli azlıqların nümayəndələrinin, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlı icmasının da marağındadır. Qanun layihəsinə əsasən, məsələ ilə bağlı ədliyyə naziri məşvərətçi-elmi şura yaratmalıdır. Etnik azlıqların nümayəndələrindən, alimlərdən, tarixçilərdən və aidiyyəti ekspertlərdən ibarət şura öz səlahiyyətləri daxilində soyadlarla bağlı məsələləri araşdıracaq, müvafiq prosedurları müəyyən edəcək və hədəf qrupların maraqlarından çıxış edərək, soyadların həqiqiliyini müəyyən edəcək. O əlavə edib ki, qanun layihəsinin qüvvədə olma müddəti 5 il olaraq müəyyən edilib, lakin prosesin gələcəkdə necə davam edəcəyi, bu mexanizmlərə baxılarkən daha ətraflı şəkildə müəyyən olunacaq. Görüşdə komitə üzvləri və yerli əhalinin nümayəndələri qanun layihəsi ilə bağlı öz fikirlərini bildirib, qeyd olunan dəyişikliklərin gözlənilən nəticələrindən danışıblar. İclasda iştirak edən komitə üzvləri məsələni müzakirə etdikdən sonra plenar iclasda qanun layihəsinin birinci oxunuş üçün parlamentə təqdim edilməsini yekdilliklə dəstəkləyiblər. Məlumat üçün bildirək ki, 2021-ci ildə "Salam" Platforması Gürcüstan parlamentinə soyadlardan rus şəkilçilərinin (“ov”, “ev”, “ova”, “eva”) çıxarılması və icma üçün səciyyəvi şəkilçilərin qəbul edilməsi hüququnu tələb edən qanunvericilik təklifi təqdim edib və bu təşəbbüs çərçivəsində 45 gün ərzində 120 kənd və 13 bələdiyyədə 27 000-ə qədər imza toplanıb. Lakin qanunvericilik təşəbbüsünü Gürcüstan Parlamentinin Reqlament və Qaydalar Komitəsi qəbul etməyib. Buna görə də, Platforma komitəni məhkəməyə verib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989