Haqqımızda Reklam
28 
Mar
2024
23:28
80
15
1214

Baş nazirin iştirakı ilə Tbilisidə iftar süfrəsi təşkil edilib (FOTO)

Baş nazir İrakli Kobaxidze Ramazan ayı münasibətilə müsəlmanlarla iftar süfrəsi arxasında bir araya gəlib. 24News.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat yayıb. İftar mərasimində çıxış edən baş nazir Gürcüstanın tarixən birgə yaşayış və tolerantlıq mərkəzi olduğunu bildirib. O qeyd edib ki, Gürcüstanın dini müxtəlifliyi ölkəmizin ən mühüm sərvətlərindən biridir: “Bizim ayrılmaz parçamız olan müsəlman icması ölkəmizin quruculuğuna böyük töhfə verir və qardaşlığımızın arxasında böyük bir tarix var. Gürcüstan unikal ölkədir ki, burada gürcü və azərbaycanlı, şiə və sünni müsəlmanlar eyni məsciddə ibadət edirlər. Bu dinc yanaşı yaşamaq, qardaşlıq ənənəsi bizim üçün çox əzizdir və biz bunu əməllərimizlə sübut edirik. Dövlət 237 məscidi müsəlman icmasına təhvil verib, daha 20 məscid isə təhvil verilməyə hazırdır. Dövlət müsəlman icmasına ayırdığı maliyyəni 4 milyon 150 min lariyə çatdırıb və iqtisadi artım fonunda bu dəstək daha da artacaq. Gürcüstanın dini müxtəlifliyi ölkəmizin əsas sərvətlərindən biridir. Bu gün də müasir Gürcüstan dövlətinin qurulması zamanı cəmiyyətin hər bir qrupu, hər bir dini icma, hər bir fərd özünü bu prosesin tamhüquqlu iştirakçısı kimi hiss etməlidir və bunun üçün biz dövlət olaraq hər şeyi edəcəyik”, - deyə baş nazir vurğulayıb. Qeyd edək ki, Gürcüstan müsəlman icmasının şərəfinə təşkil olunan iftarda Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan müsəlmanları idarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Qərbi Gürcüstan müftisi Adam Şantadze, Şərqi Gürcüstan müftisi Etibar Eminov çıxış ediblər. İftar mərasimində həmçinin qanunverici orqan və diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989