Haqqımızda Reklam
06 
Iyn
2026
01:58
3
0
168

Məktəblərdə mobil telefon və “ağıllı saat”lardan istifadə qadağan edilir

Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyi məktəblərdə elektron kommunikasiya vasitələrindən istifadəyə dair ümumi qaydaları təsdiqləyib. 24News.ge xəbər verir ki, yeni qaydalar məktəb ərazisində tədris prosesi zamanı şagirdlərin elektron cihazlardan istifadəsini, valideynlərlə ünsiyyət şərtlərini, məktəblərin və şagirdlərin hüquq və vəzifələrini, həmçinin mobil telefonlar, smartfonlar və “ağıllı saatlar” üçün nəzərdə tutulan xüsusi saxlama yerlərinə dair minimum tələbləri müəyyən edir. Qərara əsasən, məktəblər 1 sentyabr 2026-cı il tarixinədək bütün zəruri təşkilati və texniki tədbirləri həyata keçirməli, o cümlədən telefon və “ağıllı saatlar”ın saxlanılması üçün kifayət qədər xüsusi dolab və ya saxlama bölmələri quraşdırmalıdırlar. Yeni qaydalara görə, dərs prosesində elektron kommunikasiya vasitələrinin məqsəddənkənar istifadəsi qadağan edilir. Məktəbin daxili nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, müəllim və ya digər səlahiyyətli şəxsin əvvəlcədən razılığı olmadan cihazların aktiv vəziyyətdə saxlanılması, üzərdə olması və istifadəsi qayda pozuntusu hesab ediləcək. Şagirdlər aşağıdakı hallarda elektron cihazlardan istifadə edə biləcəklər: Tədris və təhsil məqsədləri üçün səlahiyyətli şəxsin əvvəlcədən razılığı olduqda; Valideyn tərəfindən təqdim edilmiş tibbi sənədlə təsdiqlənən sağlamlıq monitorinqi və ya digər tibbi məqsədlər üçün; Fövqəladə və təxirəsalınmaz hallarda; Xüsusi təhsil ehtiyacları və ya əlilliyi olan şagirdlər üçün müvafiq mütəxəssis, sinif rəhbəri və valideynin birgə qərarı əsasında; Şagirdin fərdi ehtiyacları nəzərə alınaraq, tədris və gündəlik fəaliyyətinin təmin edilməsi üçün zəruri olduqda və bu, mütəxəssis rəyi ilə təsdiqləndikdə; Qaydalara əsasən, şagirdlərin valideynləri və ya qanuni nümayəndələri ilə əlaqə məktəbin müəyyən etdiyi rəsmi kommunikasiya kanalları vasitəsilə həyata keçiriləcək. Məktəblər məktəb rəhbərliyinin əlaqə nömrələri, sinif rəhbərlərinin telefon və elektron poçt ünvanları, məktəb informasiya sistemləri, sosial şəbəkə hesabları və digər əlaqə vasitələrini müəyyən etməyə borclu olacaqlar. Elektron cihazların müvəqqəti saxlanılması və şagirdlərə geri qaytarılması üçün məsul şəxslər məktəb direktorunun əmri ilə müəyyən ediləcək. Telefon və digər cihazların itməsi və ya zədələnməsi nəticəsində yaranan zərər Gürcüstan qanunvericiliyinə uyğun şəkildə ödəniləcək. Bundan əlavə, məktəblər hər tədris ilinin əvvəlində yeni qaydaları valideynlərə təqdim etməli və onları ictimaiyyət üçün açıq şəkildə əlçatan etməlidirlər.

www.24news.ge