Haqqımızda Reklam
24 
Avq
2026
14:11
3
0
141

Təhsil nazirindən açıqlama: "Valideynlər formaları başqa yerdən də sifariş edə və ya tikdirə bilərlər"

Gürcüstanda məktəb formalarının ilk sifarişi zamanı hər şagird üçün alınacaq geyimlərin sayına məhdudiyyət qoyulacaq. 24News.ge xəbər verir ki, bunu Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze açıqlayıb. Nazirin sözlərinə görə, ilk sifariş zamanı oğlan şagird üçün maksimum 2 pencək və 4 şalvar, qız şagird üçün isə 2 pencək, 2 şalvar və 2 ətək nəzərdə tutulub. Sistem hər bir uşağın adına alınan formaları qeydiyyata alacaq və müəyyən edilmiş limitdən artıq məhsulun alınmasına imkan verməyəcək. Mikanadze bildirib ki, nazirlik gələcəkdə əlavə sayda məktəb formalarının satışa çıxarılması üzərində işləyir. Bu, valideynlərə ehtiyac yarandıqda əlavə geyim dəsti almaq imkanı verəcək. Nazirin sözlərinə görə, məktəb formalarının qiymətinə onların hazırlanması, tikilməsi, daşınması və logistika xərcləri daxildir və məhsulların qiyməti mənfəət əldə etməyə yönəlməyib: “Minimum qiymətə çox yüksək keyfiyyətli geyim təqdim olunur. Biz demişik ki, formaları mütləq bizdən almaq məcburi deyil. Valideynlər formaları başqa yerdən də sifariş edə və ya tikdirə bilərlər. Lakin sifariş edilən və ya tikdirilən forma normativ aktla müəyyən edilmiş meyarlara, dizayna və parçaya uyğun olmalıdır”, – deyə Mikanadze bildirib. Onun sözlərinə görə, 15 sentyabrda birinci sinif şagirdləri yeni məktəb formalarında dərslərə başlayacaqlar. Birinci semestrin sonunadək isə I-VI sinif şagirdlərinin məktəb formaları ilə təmin edilməsi nəzərdə tutulur. Mikanadzenin sözlərinə görə, “Təhsil Resurs” MMC ölkə üzrə əlavə satış məntəqələrinin müəyyənləşdirilməsi və icarəyə götürülməsi ilə məşğuldur. Məqsəd gələcəkdə onlayn platforma ilə yanaşı, hər regionda ən azı bir pərakəndə satış məntəqəsinin fəaliyyət göstərməsini təmin etməkdir. Mikanadze əlavə edib ki, 31 dekabr tarixinədək I-VI sinif şagirdlərinin hamısının məktəb formaları ilə tam təmin olunması planlaşdırılır. Nazirin sözlərinə görə, məktəb formasını pulsuz əldə etmək hüququ olan şagirdlər formalarını yalnız pərakəndə satış məntəqələrindən götürə biləcəklər. Lakin onlar daha sonra əlavə forma almaq istəsələr, onlayn platformadan sifariş verə biləcəklər.

www.24news.ge