Haqqımızda Reklam
07 
Iyl
2026
18:49
9
2
793

Bakı–Tbilisi–Bakı qatarları üzrə yeni biletlər satışa çıxarılıb (VİDEO)

İyulun 10-dan etibarən Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq. Nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 % artaraq 282-yə çatdırılacaq. 24News.ge xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb. Bildirilir ki, əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bakı–Tbilisi–Bakı marşrutu ilə gedişhaqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 85 manatdan başlayır. Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gedişhaqqı 79,5 manat, Gəncədən isə 58,2 manatdır. Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır. "Stadler" tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kiloqram müəyyən edilib. Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6 356 nəfər Tbilisi, 4 343 nəfər Bakı, 1 112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 %-nin bölgələrin payına düşdüyünü göstərir.

www.24news.ge