Haqqımızda Reklam
27 
Iyl
2026
12:46
8
2
1065

Çirkli pulların yuyulması ilə bağlı transmilli cinayətkar şəbəkə ifşa olunub

Gürcüstan Prokurorluğu transmilli cinayət faktlarını ifşa edərək xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamı ilə 4 xarici ölkə vətəndaşı və 5 hüquqi şəxs barəsində cinayət təqibinə başlayıb. 24News.ge xəbər verir ki, bu barədə Prokurorluqda keçirilən brifinqdə İstintaq İdarəsi rəisinin müavini Beka Kvitsiani məlumat verib. Onun sözlərinə görə, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər maddi gəlir əldə etmək məqsədilə müxtəlif ölkələrdə cinayətlər törədib, daha sonra isə qanunsuz əldə olunan vəsaitləri leqallaşdırmaq üçün aktivləri Gürcüstana köçürüblər. İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxslər pul yumaq məqsədilə Gürcüstanda real sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olmadan şirkətlər təsis ediblər. Onlar saxta sənədlər və uydurma ödəniş təyinatlarından istifadə etməklə xaricdən fiziki və hüquqi şəxslərin bank hesablarına 21,5 milyon lari ekvivalentində müxtəlif valyutalarda qanunsuz mənşəli vəsait köçürüblər. Həmçinin bildirilib ki, həmin şəxslər Gürcüstan bank hesablarında toplanan vəsaitlərin kiçik bir hissəsini saxta sənədlərlə yenidən xaricdəki müxtəlif bank hesablarına köçürüblər. Qanunsuz aktivlərin əsas hissəsi isə istintaq çərçivəsində üzərinə həbs qoyularaq dondurulub. Prokurorluq təqsirləndirilən şəxslərə qarşı xüsusilə külli miqdarda cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması maddəsi ilə cinayət təqibinə başlayıb. Bu cinayətə görə, fiziki şəxsləri 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə, hüquqi şəxsləri isə ləğvetmə, fəaliyyət hüququndan məhrumetmə və cərimə gözləyir. Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək. Həbs qərarı çıxarıldığı təqdirdə onlar beynəlxalq axtarışa veriləcəklər. İstintaq çərçivəsində üzərinə həbs qoyulan təxminən 14 milyon lari ekvivalentində xarici valyuta və 1 milyon laridən artıq dəyəri olan daşınmaz əmlakın dövlətin xeyrinə müsadirə edilməsi üçün də müvafiq hüquqi prosedurlar həyata keçiriləcək.

www.24news.ge