Haqqımızda Reklam
28 
Iyl
2026
12:15
13
0
861

TƏCİLİ: “Oğru aləmi”nə qarşı xüsusi əməliyyat keçirilib – 27 nəfər saxlanılıb (VİDEO)

Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları, Baş Prokurorluqla birgə son 24 saat ərzində “qanuni oğru” aləmi ilə əlaqədə olan 27 nəfəri saxlayıblar. 24News.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, daha 6 nəfərə ittiham irəli sürüləcək. Onlardan bir qisminə cəzaçəkmə müəssisəsində, digər qisminə isə qiyabi qaydada ittiham elan ediləcək. Qiyabi ittiham olunanlar arasında xaricdə olan “qanuni oğru” Mamuka Çxaberidze də var. İstintaq zamanı hakimin qərarı əsasında aparılmış gizli əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər göstərişləri xaricdə yaşayan “qanuni oğru” Mamuka Çxaberidzedən alıb və onun tapşırıqlarına uyğun hərəkət ediblər. Araşdırmaya əsasən, onlar mütəmadi olaraq bir-biri ilə əlaqə saxlayır, “qanuni oğru” qaydalarına uyğun mübahisələrin həlli üçün qondarma “oğru yığıncaqları” təşkil ediblər. Bu toplantılarda tərəflər arasında yaranan maliyyə mübahisələrinə baxılıb, qərarlar qəbul olunub və bəzi hallarda şəxslərdən qarşı tərəfin və ya öz maraqları naminə pul ödəmələri tələb edilib. Müəyyən edilmiş müddətdə ödəniş həyata keçirilmədiyi təqdirdə isə zərərçəkənlər fiziki zorakılıq və öldürülmə ilə hədələniblər. Polis saxlanılan şəxslərin üzərində və yaşayış yerlərində aparılan axtarışlar zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən kompüter texnikası, mobil telefonlar, müxtəlif növ odlu silahlar və döyüş sursatları aşkar edərək maddi sübut kimi götürüb. Faktla bağlı Cinayət Məcəlləsinin 223¹, 223³, 223⁴ və 236-cı maddələri ilə istintaq aparılır. Bu maddələr üzrə təqsirli bilinən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2026-cı ilin əvvəlindən bu günədək mütəşəkkil cinayətkarlığa qarşı keçirilmiş əməliyyatlar nəticəsində “qanuni oğru” aləmi ilə əlaqəli ümumilikdə 343 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 8-i “qanuni oğru” statusuna malik şəxsdir.

www.24news.ge