Haqqımızda Reklam
25 
Avq
2026
12:07
11
0
311

Ermənistanın keçmiş prezidenti və oğlu saxlanılıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və yerli media məlumat yayıb. Komitənin məlumatına görə, hüquq-mühafizə orqanları altı nəfəri, o cümlədən keçmiş prezident Robert Köçəryanı və onun böyük oğlu Sedrak Köçəryanı saxlayıb. İstintaqın ilkin məlumatlarına əsasən, Robert Köçəryan yaxın şəxsləri ilə əlbir olaraq və vəzifə səlahiyyətlərindən istifadə etməklə dövlətə məxsus bahalı daşınmaz əmlakı bazar qiymətindən əhəmiyyətli dərəcədə aşağı qiymətə əldə edib. Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin açıqlamasında deyilir: “Cinayət işi üzrə istintaq çərçivəsində altı nəfər, o cümlədən keçmiş prezident, onun oğlu və cinayət sxemlərinə cəlb olunan digər şəxslər saxlanılıb. İlkin istintaq məlumatlarına görə, əmlakın həqiqi sahiblərini və onun cinayət yolu ilə əldə edilməsini gizlətmək məqsədilə əmlak əlaqəli şirkətlərin adına rəsmiləşdirilib. Daha sonra əldə edilmiş əmlak üçüncü şəxslərə satılıb və özgəninkiləşdirilib”. Ermənistan Prokurorluğu isə keçmiş prezidentin böyük oğlu Sedrak Köçəryan və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da daxil olmaqla daha doqquz nəfərə qarşı ittiham irəli sürüb. Robert Köçəryanın vəkilinin sözlərinə görə, keçmiş prezidentin həbsindən sonra səhhəti pisləşib və o, xəstəxanaya aparılıb. Keçmiş prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan bildirib ki, Köçəryanın bu yaxınlarda əməliyyat olunduğu üçün həkim əlavə müayinələr aparmaq qərarına gəlib. Qeyd edək ki, bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanın və ailə üzvlərinin yaşadığı ünvanlarda axtarış aparıblar. Axtarış keçmiş prezidentin digər oğlu, Ermənistan parlamentinin deputatı Levon Köçəryanın evində də həyata keçirilib. Daha sonra istintaq orqanları Robert Köçəryanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıblar.

www.24news.ge