Haqqımızda Reklam
25 
Avq
2026
13:17
9
0
461

Məhkəmə Qaribaşvilinin yeni ittihamı üzrə hazırlıq iclasının tarixini müəyyən edib

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili barəsində qrup halında xüsusilə külli miqdarda rüşvət alma ittihamı üzrə keçirilən iclasda hazırlıq məhkəməsinin tarixini müəyyənləşdirib. 24News.ge xəbər verir ki, məhkəmə iclası 19 oktyabr saat 11:00-da keçiriləcək. Hakim Pikria Sek­turaşvilinin sözlərinə görə, Qaribaşvilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yoxdur. Bugünkü məhkəmə iclasında İrakli Qaribaşvili iştirak etməyib. Hakimin sözlərinə görə, penitensiar müəssisədən daxil olan ərizədə Qaribaşvilinin prosesdə iştirak etməkdən imtina etdiyi bildirilib. Buna görə də iclas təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilib. Qeyd edək ki, hazırda həbsdə olan keçmiş Baş nazir İrakli Qaribaşviliyə qrup halında xüsusilə külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb. Baş Prokurorluğun məlumatına görə, istintaqa məlumatı keçmiş müdafiə naziri Cuanşer Burçuladzenin qohumu Vasil Mxeidze təqdim edib. Bundan əlavə, Cuanşer Burçuladzе də istintaqla əməkdaşlıq edib. İstintaqın məlumatına görə, söhbət Qaribaşvilinin Baş nazir olduğu dövrdə Müdafiə Nazirliyi üçün tibbi avadanlıq və inventarın alınması məqsədilə həyata keçirilmiş bir neçə məxfi satınalmadan gedir. Prokurorluğun bildirdiyinə görə, həmin satınalmalar çərçivəsində İrakli Qaribaşvili 750 min lari rüşvət alıb. Nəticədə dövlətə 6 milyon 985 min 255 lari məbləğində maddi ziyan dəyib. İstintaq materiallarına əsasən, 2022-ci ilin sonlarından Müdafiə Nazirliyinin müxtəlif bahalı tibbi avadanlıq və inventar almağa ehtiyacı yaranıb. Bu satınalmaların məxfi prosedurla həyata keçirilməsi nəzərdə tutulub. Prokurorluğun versiyasına görə, Cuanşer Burçuladzenin razılığı ilə onun qohumu Vasil Mxeidze satınalma prosesində iştirak etmək üçün müvafiq təcrübəyə malik biznesmenlə əlaqə saxlayıb. Ona satınalmanın elə formada keçirilməsi təklif olunub ki, müəyyən şirkətin istədiyi qiymətə qalib gəlməsi təmin edilsin. Bunun müqabilində isə müqavilənin ümumi dəyərinin 10 faizinin nağd şəkildə verilməsi tələb olunub. İstintaqın məlumatına görə, daha sonra Cuanşer Burçuladzе İrakli Qaribaşvili ilə razılığa gəlib və satınalmaların həmin şirkətlərin zəmanətli şəkildə qalib gəlməsinə imkan verəcək formada həyata keçirilməsini təmin edib. Prokurorluq bildirir ki, Qaribaşvilinin himayəsi və razılığı əsasında Müdafiə Nazirliyinin həmin vaxtkı nazir müavini Giorgi Xain­drava və Satınalmalar Departamentinin rəhbəri Vladimir Qudaşauri rəqabətsiz mühit yaradıb və satın alınacaq məhsul və xidmətlərin qiymətləri süni şəkildə artırılıb. Nəticədə üç məxfi satınalma üzrə real dəyəri 11 milyon 499 min 705 lari olan tibbi avadanlıq və digər inventar dövlətə 18 milyon 484 min 960 lariyə təqdim edilib. Prokurorluğun məlumatına görə, satınalmalarda iştirak edən biznesmen təminat və himayə müqabilində Vasil Mxeidzeyə bir neçə mərhələdə müqavilələrin ümumi dəyərinin təxminən 10 faizi – 1 milyon 900 min lari nağd pul verib. Mxeidze bu məbləğin 400 min larisini şəxsi mənfəəti kimi saxlayıb, qalan 1 milyon 500 min larini isə Cuanşer Burçuladzeyə verib. Burçuladzе həmin vəsaitin 750 min larisini özü saxlayıb, digər 750 min larini isə bir neçə mərhələdə rüşvət kimi İrakli Qaribaşviliyə təqdim edib. İrakli Qaribaşviliyə Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “a” və “g” bəndləri, həmçinin üçüncü hissəsinin “e” bəndi ilə ittiham irəli sürülüb. Bu maddə dövlət-siyasi vəzifə tutan şəxs tərəfindən qrup halında xüsusilə külli miqdarda rüşvət almağı nəzərdə tutur və 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər. Prokurorluq qeyd edib ki, iş üzrə digər vəzifəli şəxslər artıq məhkəmə tərəfindən təqsirli bilinərək cəzalandırılıblar. Onların arasında keçmiş müdafiə naziri Cuanşer Burçuladzeyə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş Prokurorluğun məlumatına görə, Qaribaşvili hazırda başqa cinayət işi üzrə çıxarılmış hökm əsasında cəza çəkdiyinə görə, bu iş üzrə məhkəməyə yalnız hazırlıq iclasının tarixinin müəyyənləşdirilməsi ilə bağlı vəsatətlə müraciət edib.

www.24news.ge