Haqqımızda Reklam
23 
Nybr
2026
18:00
4
0
679

Hindistan banklarının Gürcüstan bazarına daxil olması kredit faizlərini azaldacaqmı?

Parlamentin İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvili bildirib ki, ölkənin maliyyə sektorunun təxminən 75-80 faizi iki bankın nəzarətindədir. Onun sözlərinə görə, maliyyə bazarında yeni bankların fəaliyyətə başlaması və rəqabətin artması nəticəsində müştərilər daha əlverişli bank şərtlərindən yararlana bilərlər. 24News.ge xəbər verir ki, Berekaşvili bu baxımdan Hindistan banklarının Gürcüstan bazarına daxil olmasını mümkün variantlardan biri kimi göstərib. “Hindistan bankları çox sabit banklardır və yüksək beynəlxalq reytinqlərə malikdirlər. Bizim istəyimiz belə bankların Gürcüstanda fəaliyyətə başlamasının asanlaşdırılmasıdır”, – deyə o bildirib. Gürcüstan Milli Bankının prezidenti də məsələ ilə bağlı açıqlamasında ölkənin müxtəlif ölkələrin bankları üçün açıq olduğunu vurğulayıb: “İstər Hindistan, istər Qazaxıstan, istər İngiltərə bankı olsun, istərsə də başqa ölkənin bankı – biz bütün tərəflər üçün açığıq”. Bəs Hindistan banklarının Gürcüstan bazarına daxil olması kredit faizlərinin azalmasına səbəb ola bilərmi? Yüksək kredit faizlərindən narazı olan vətəndaşlar yeni banklara ümid edə bilərlərmi? Bu suallara “Kviris Palitra” nəşrinə müsahibəsində “Cəmiyyət və Banklar” təşkilatının təsisçisi Giorgi Kepuladze aydınlıq gətirib. Onun sözlərinə görə, bank sektorunda rəqabətin artırılması müsbət addım olsa da, yalnız yeni xarici banklara lisenziya verilməsi və ya onların filiallarının açılması mövcud vəziyyəti dəyişmək üçün kifayət deyil. Kepuladze qeyd edib ki, Gürcüstan bank sektorunda iki böyük bankın üstün mövqeyi illər ərzində tədricən formalaşıb. Buna görə də bazardakı konsentrasiyanı yalnız yeni bankların daxil olması ilə qısa müddətdə azaltmaq mümkün deyil. Onun fikrincə, mövcud digər bankların da güclənməsi və rəqabət qabiliyyətinin artırılması vacibdir. Ekspert kredit faizlərinin yalnız bankların qərarından asılı olmadığını da vurğulayıb. Bildirib ki, milli valyutada verilən kreditlərin faiz dərəcələri Gürcüstan Milli Bankının yenidən maliyyələşdirmə dərəcəsi, ölkədəki inflyasiya, iqtisadi vəziyyət və regiondakı risklərlə birbaşa əlaqəlidir. Kepuladzenin sözlərinə görə, xarici bankların bazara daxil olması nəticəsində kredit faizlərinin dərhal 2-3 faiz bəndi aşağı düşəcəyini gözləmək real deyil. Çünki banklar lari resurslarını xaricdən gətirə bilməz, bu vəsaitləri yerli bazardan – əhalinin və biznes sektorunun depozitləri hesabına cəlb etməli və ya Milli Bankdan borclanmalıdırlar. O əlavə edib ki, xarici bankların Gürcüstan bazarına daxil olması ümumilikdə müsbət hadisə sayılsa da, ölkənin bazar həcmi məhduddur. Təxminən 4 milyon əhalisi olan Gürcüstanda bank xidmətləri və kredit məhsullarına tələbatın müəyyən həddi var. Bu səbəbdən böyük beynəlxalq bankların yalnız lisenziyalaşdırma prosedurlarının asanlaşdırılmasına görə ölkəyə daxil olmağa tələsməyəcəyi qənaətindədir.

www.24news.ge