Haqqımızda Reklam
26 
Avq
2026
16:53
5
4
377

Parlamentin payız sessiyasının vaxtı və müzakirə olunacaq məsələlər açıqlanıb

Gürcüstan parlamentinin payız sessiyası gələn həftə – 1 sentyabrda başlayacaq. 24News.ge xəbər verir ki, parlamentin reqlamentinə əsasən, payız sessiyası sentyabr ayının ilk çərşənbə axşamı günü açılmalıdır. Sentyabrın ilk çərşənbə axşamı isə bu il sentyabrın 1-nə təsadüf edir. Payız sessiyası çərçivəsində parlamentə “Gürcüstan hökumətinin strukturu, səlahiyyətləri və fəaliyyət qaydası haqqında” qanuna dəyişiklik layihəsinin təqdim olunması gözlənilir. Sözügedən layihə hökumətdə nəzərdə tutulan növbəti struktur dəyişikliklərini əhatə edir. Hökumətin təşəbbüsünə əsasən, Regional İnkişaf Nazirliyinin ləğv edilməsi, eləcə də hökumətin tərkibində yeni yaradılmış hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət naziri vəzifəsinin aradan qaldırılması təklif olunur. Bununla yanaşı, hökumətin tərkibində regional siyasət məsələləri üzrə dövlət naziri vəzifəsinin yaradılması planlaşdırılır. Baş nazirin qərarı ilə bu vəzifəni Mamuka Mdinaradze tutacaq. Bundan əlavə, “Gürcü Arzusu” parlament çoxluğu kilsənin, müqəddəs yerlərin, tarixi qəhrəmanların və milli dəyərlərin təhqirdən qorunması məqsədilə yeni hüquqi tənzimləmələrin qəbulunu planlaşdırır. Müvafiq qanun layihəsinin də payız sessiyasında parlamentə təqdim ediləcəyi açıqlanıb. Payız sessiyasının ilk plenar iclasından əvvəl parlamentin Büro iclası keçiriləcək və burada plenar iclasın gündəliyi müəyyənləşdiriləcək.

www.24news.ge