Haqqımızda Reklam
28 
Sen
2026
18:04
13
7
357

Azərbaycan tezliklə Tbilisidə A sinifli hotel açacaq

"PASHA Holding" sentyabrın sonu - oktyabrın əvvəlində Tbilisidə A sinifli hotel və biznes mərkəzi açacaq. 24News.ge xəbər verir ki, bu barədə "PASHA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində bildirib. "Tbilisidə A sinifli yeni mehmanxana kompleksinin və biznes mərkəzinin açılışı cari ayın sonu - gələn ayın əvvəlinə planlaşdırılıb. Obyektin rəsmi açılış tarixi yaxın vaxtlarda elan ediləcək. Hazırda işə başlamaq üçün bütün zəruri icazələr alınıb, indi qonaqların rahatlığı üçün tədbirin dəqiq tarixinin razılaşdırılması aparılır", - deyə C.Qasımov bildirib. Regionda fəaliyyətin gələcəkdə genişləndirilməsi ilə bağlı mümkün planlar barədə sualı cavablandıran icraçı direktor qeyd edib ki, hazırda Gürcüstan paytaxtından kənarda konkret layihələr yoxdur: "Biz Batumidə və Gürcüstanın digər lokasiyalarında development üzrə daxil olan təklifləri nəzərdən keçiririk, lakin yeni obyektlərlə bağlı hələ ki, heç bir konkret qərar qəbul edilməyib. Bütün mövcud diqqətimiz Tbilisidə A sinifli hotel və ofis mərkəzinin işə salınmasına cəmlənib". Qeyd edək ki, "PAŞA Real Estate Qrup"un nümayəndələri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivishvili ilə görüşüblər. Görüşdə Gürcüstanda turizm və hotel biznesinin inkişafı, ölkənin investisiya mühiti, Qrupun cari fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə "PAŞA Real Estate Qrup"un nümayəndə heyətinə baş kommersiya direktoru və beynəlxalq layihələrin baş icraçı direktoru Elçin Qədimov rəhbərlik edib. Tərəflər Gürcüstanın beynəlxalq turizm istiqaməti kimi inkişaf perspektivləri, ölkənin investorlar üçün cəlbediciliyi, eləcə də turizm və hotel infrastrukturunun inkişafında özəl investisiyaların rolu barədə fikir mübadiləsi aparıblar. Gürcüstan "PAŞA Real Estate Qrup"un beynəlxalq fəaliyyət coğrafiyasında altıncı ölkə olacaq. Qrup Tbilisidə A sinif biznes mərkəzi və sayca 25-ci hoteli ilə təmsil olunacaq. Görüşün sonunda "PAŞA Real Estate Qrup"un nümayəndələri layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə nazir Mariam Kvrivishviliyə və nazirliyin nümayəndələrinə təşəkkür ediblər. Tərəflər, həmçinin dövlət və özəl sektor arasında əməkdaşlığın davam etdirilməsinin, eləcə də Gürcüstanın turizm potensialının inkişafına töhfə verən layihələrin əhəmiyyətini vurğulayıblar.

www.24news.ge