Haqqımızda Reklam
02 
Iyn
2026
12:55
15
1
553

ABŞ-a getmək üçün qanunsuz saxta sənədlər hazırlayan iki mütəşəkkil cinayətkar qrup ifşa olunub

Gürcüstan Prokurorluğu və ABŞ səfirliyinin Regional Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı nəticəsində iki mütəşəkkil cinayətkar qrup ifşa olunub. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi prokuroru Giorgi Mikaya brifinqdə məlumat verib. Onun sözlərinə görə, ABŞ-da immiqrasiya siyasətinin sərtləşdirilməsindən sonra Gürcüstanın dörd vətəndaşı mütəşəkkil cinayətkar qrup yaradaraq ABŞ-da sığınacaq almaq istəyən şəxslərə saxta sənədlər hazırlamaq xidməti göstəriblər. İstintaqla müəyyən edilib ki, qrup üzvləri ABŞ-da sığınacaq almaq istəyən Gürcüstan vətəndaşları üçün onların guya siyasi baxışlarına, cinsi oriyentasiyasına və ya digər səbəblərə görə təqib olunduqlarını göstərən saxta “keis”lər hazırlayıb, bu iddiaları təsdiqləmək üçün saxta sənədlər tərtib ediblər. Prokurorluğun məlumatına görə, indiyədək bu sxemdən istifadə edən 366 Gürcüstan vətəndaşı müəyyən olunub. Araşdırma nəticəsində 3 nəfər saxlanılıb, daha 6 nəfərə qarşı isə cinayət təqibi başlanıb. Onlar vətəndaşların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə, Gürcüstan vətəndaşlarının xarici ölkədə qanunsuz qalmasına yardım göstərməkdə, beynəlxalq müdafiə almaq məqsədilə yalan məlumatların təqdim edilməsini təşkil etməkdə və saxta rəsmi sənədlərin hazırlanması və yayılmasında ittiham olunurlar. İstintaq materiallarına əsasən, saxta sığınacaq dosyesinin hazırlanması üçün müştərilərdən 1 000–1 500 ABŞ dolları, saxta sənədlərə görə isə 3 000 ABŞ dolları tələb olunub. Bundan əlavə, sığınacaq prosesinin “uğurla başa çatdırılması” adı altında hər şəxsdən əlavə olaraq 6 000–8 000 dollar alınıb. Prokurorluq bildirib ki, qrupun bəzi üzvləri ABŞ-da immiqrasiya təcridxanalarında saxlanılan Gürcüstan vətəndaşlarına da yardım vəd edərək onlardan pul alıblar. Bu yolla dörd nəfərə məxsus ümumilikdə 10 min dollar mənimsənilib. Araşdırma zamanı Kanadaya viza almaq istəyən şəxslər üçün də saxta bank çıxarışları, məşğulluq haqqında arayışlar və digər sənədlərin hazırlandığı müəyyən olunub. Bundan başqa, əməliyyat zamanı ABŞ vizalarının alınmasına yardım göstərdiyini iddia edən daha bir mütəşəkkil qrup ifşa edilib. İstintaqın məlumatına görə, həmin qrup sosial şəbəkələrdə elanlar yerləşdirərək ABŞ-a getmək istəyən şəxslərə viza almaqda kömək təklif edib. Müəyyən edilib ki, qrup üzvləri 65 Gürcüstan vətəndaşı üçün ABŞ səfirliyinə təqdim olunmaq məqsədilə saxta rəsmi sənədlər hazırlayıblar. Bu sənədlərdən istifadə edən bəzi şəxslər viza əldə edə bilsələr də, sonradan ABŞ səfirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində saxtakarlıq aşkar olunub və həmin şəxslərin vizaları ləğv edilib. İstintaqın məlumatına görə, 2025-ci ilin yanvarından 2026-cı ilin fevralınadək olan dövrdə cinayətkar qrup üzvləri bu fəaliyyət nəticəsində vətəndaşlardan ümumilikdə 142 786 ABŞ dolları, 15 095 lari və 1 560 avro məbləğində gəlir əldə ediblər. Təqsirləndirilən şəxsləri 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Gürcüstan Prokurorluğu onların barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib. Qurumun məlumatına görə, cinayət işi üzrə istintaq davam etdirilir və digər mümkün iştirakçıların müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

www.24news.ge