Haqqımızda Reklam
02 
Iyn
2026
14:01
2
3
179

Rövşən Rüstəmov: "Yenilənmiş BTQ xətti Çin və Avropa arasında yükdaşımaları sürətləndirəcək"

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu modernləşdirmə işlərindən sonra artırılmış yükdaşıma potensialı ilə yenidən istifadəyə verilib. Layihənin uğurla başa çatdırılması həm Azərbaycan, həm də bütövlükdə region üçün mühüm hadisə kimi qiymətləndirilir. 24News.ge xəbər verir ki, bu barədə Axalkalakidə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov məlumat verib. Onun sözlərinə görə, BTQ dəmir yolu artıq ənənəvi nəqliyyat marşrutundan çıxaraq Avrasiyanın strateji logistika arteriyalarından birinə çevrilib: “Hazırda BTQ sadəcə alternativ marşrut deyil, Orta Dəhlizin mühüm struktur elementidir. Bu xətt Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib infrastrukturdur. BTQ-nin əhəmiyyəti ilk növbədə Şərq–Qərb tranzitində Azərbaycanın rolunu genişləndirməsindədir. Bu marşrut vasitəsilə ölkəmiz Türkiyə üzərindən Avropanın dəmir yolu sisteminə birbaşa çıxış əldə edir”, – deyə R.Rüstəmov bildirib. ADY sədrinin sözlərinə görə, BTQ-nin mövcud səviyyəyə çatdırılması üçün genişmiqyaslı investisiyalar yatırılıb. Belə ki, 2024-cü ildə dəmir yolunun Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri həyata keçirilib. Nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəldilib. Rövşən Rüstəmov qeyd edib ki, layihə çərçivəsində Gürcüstan hissəsində 13 dəmir yolu stansiyası, eləcə də 200-ə yaxın bina və mühəndis qurğusu əsaslı təmir olunub. Enerji təchizatının yaxşılaşdırılması məqsədilə 200 kilometrdən çox kontakt şəbəkəsi yenilənib, 340 kilometrlik 10 kV-luq elektrik xətti təmir edilib. Bundan əlavə, 61 kilometr yeni dəmir yolu xətti çəkilib, 41 kilometr yeni avtomobil və piyada yolu inşa olunub. “İşlərin böyük hissəsi mürəkkəb dağlıq ərazilərdə, sərt iqlim şəraitində həyata keçirilib. Buna baxmayaraq, layihə vaxtında və uğurla tamamlanıb”, – deyə ADY sədri vurğulayıb. O bildirib ki, paralel olaraq Azərbaycan ərazisində də mühüm yenidənqurma işləri görülüb. Bakı–Böyük Kəsik sahəsində əsaslı təmir işləri aparılıb və enerji sistemi yenilənib. R.Rüstəmovun sözlərinə görə, 18 may 2026-cı il tarixində Azərbaycan və Gürcüstan rəhbərlərinin iştirakı ilə BTQ dəmir yolu layihəsinin təhvil-təslimi üzrə yekun akt imzalanıb. Eyni zamanda, ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılan “BTKI Railways” MMC birgə müəssisəsinin fəaliyyətə başlaması ilə bağlı sənədlər də rəsmiləşdirilib. ADY sədri qeyd edib ki, yenilənmiş BTQ xətti Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən qısa və çevik quru marşrutlarından biri kimi fəaliyyət göstərəcək. O əlavə edib ki, Çin tərəfi ilə imzalanan sənədlərdə Orta Dəhliz boyunca yükdaşımaların artırılması və BTQ xəttindən daha geniş istifadənin təşviqi xüsusi yer tutur və bu istiqamətdə praktiki addımlar artıq həyata keçirilməyə başlanıb.

www.24news.ge