Haqqımızda Reklam
25 
Iyl
2026
13:07
28
4
3929

Mənzil alıcılarının pulunu toplayıb tikintini başa çatdırmayan şirkət rəhbərləri saxlanılıb (VİDEO)

Maliyyə Nazirliyinin İstintaq Xidməti Baş Prokurorluqla birlikdə maliyyə-iqtisadi sahədə törədilən cinayətlərin qarşısının alınması istiqamətində əməliyyatlarını davam etdirir. 24News.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidmətinin müstəntiqi Levan Tsakadze məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qərarı əsasında "Skyfort" MMC-nin keçmiş və hazırkı direktorları – K.K və K.A saxlanılıblar. Qurumun məlumatına əsasən, aparılan kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xüsusilə külli miqdarda vəsaiti qanunsuz mənimsəyib, vətəndaşları aldadaraq onların əmlakını ələ keçirib və üzərinə həbs qoyulmuş əmlakdan qanunsuz istifadə ediblər. İstintaq materiallarına görə, Kutaisi meri tərəfindən 2016-cı ildə verilən qərarla "Skyfort" MMC-yə Barataşvili küçəsi 139 ünvanında çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilib. Tikinti icazəsinin müddəti 2019-cu ilin fevralına qədər qüvvədə olub. Şirkət layihənin yalnız müəyyən hissəsini həyata keçirsə də, bina bu günə qədər tamamlanmayıb. Araşdırma zamanı məlum olub ki, 91 mənzil sahibi müxtəlif ölçülü yaşayış və kommersiya sahələri alaraq onların dəyərini tam ödəyib. Buna baxmayaraq, şirkət rəhbərliyi vətəndaşların ödədiyi vəsaiti tikinti məqsədilə istifadə etməyərək qanunsuz mənimsəyib. Məlumata görə, şirkət rəhbərləri tikinti üçün vətəndaşlardan alınmış ümumilikdə 1 milyon 258 min 332 ABŞ dolları və 411 min 897 lari məbləğində vəsaiti mənimsəyiblər. Bundan əlavə, istintaq müəyyən edib ki, şirkət rəhbərliyi layihədə nəzərdə tutulan bütün mənzil və kommersiya sahələrini satdıqdan sonra əlavə gəlir əldə etmək məqsədilə vətəndaşları aldadaraq mövcud olmayan, ümumilikdə 1 287 kvadratmetr yaşayış və kommersiya sahəsini ("hava" satışı) 15 nəfərə satıb və bu yolla əlavə olaraq 430 min ABŞ dolları əldə edib. Beləliklə, təqsirləndirilən şəxslərin vətəndaşlara vurduğu ümumi zərər 1 milyon 688 min 374 ABŞ dolları və 411 min 897 lari təşkil edir. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (dələduzluq), 182-ci (mənimsəmə) və 377-ci (üzərinə həbs qoyulmuş əmlakdan qanunsuz istifadə) maddələri ilə istintaq aparılır. Bu cinayətlərə görə təqsirləndirilən şəxsləri 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge