Haqqımızda Reklam
13 
Okt
2026
20:10
3
33
1240

Şeyxülislam Azərbaycanda hicabla bağlı baş verən hadisələrə münasibət bildirib: “Qərarda hicab sözü yoxdur”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə məktəblərdə vahid geyim forması ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib. 24News.ge xəbər verir ki, o, Real TV-yə müsahibəsində bu məsələni "hicab qadağası" kimi təqdim edənləri tənqid edib. Allahşükür Paşazadə vurğulayıb ki, müzakirələrə səbəb olan qərarda hicab ifadəsi yer almır: "Bunun adını qoyurlar hicab. Əslində, yenə də təkrar etmək istəyirəm ki, qəbul olunan qərarda "hicab" sözü yoxdur. "Məktəbli geyimi" var. Amma buna "hicab" adını qoyurlar ki, başqa dövlətlərə, insanlara, müsəlmanlara təsir göstərsin. Bu adın qoyulması da məqsədlidir. Həmişə yeniliklər baş verəndə çalışmışıq ki, dini dəyərlər unudulmasın. Bu gün bizim ölkəmizdə din dövlətdən ayrıdır, məktəb də dindən ayrıdır. Lakin biz bir vətəndaş kimi fikrimizi bildirə bilərik. Vətəndaşlarımız dövlət qurumlarına öz istəklərini sivil şəkildə çatdıra bilərlər. Son baş verənlər isə yolverilməz hallardır. Hicab müzakirə mövzusu deyil. Hicab Allahın bizə vacib buyurduğu bir məsələdir. Onun necə, hansı formada və hansı yaşda örtülməli olduğunu fiqh alimləri və müctəhidlər çox yaxşı bilirlər. Çox təəssüflənirəm ki, bu məsələ ilə bağlı qərar qəbul edilməzdən əvvəl məsləhətləşmə aparıla bilərdi. Bu gün məktəblərdə müzakirə olunan məsələ məktəbli geyimi ilə bağlıdır. Lakin məktəbli geyimi məsələsi bir kənarda qalır, hicab isə ön plana çıxarılır. Ölkəmizdə hicab qadağası yoxdur. Dini tədris müəssisələrimiz, mədrəsələrimiz var və hər kəs istədiyi halda həmin yerlərə hicablı formada gələ bilər və təhsil ala bilər. Dövlət məktəblərində isə bu qayda ilə bağlı qanun qəbul olunub", - deyə Allahşükür Paşazadə bildirib. QMİ sədrinin sözlərinə görə, bəzi şəxslər insanların dini hisslərindən istifadə edərək onları dövlətə qarşı yönəltməyə çalışırlar: "O insanların dinindən, mənəviyyatından istifadə edən adamlar var. Onlardan istifadə edir, dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə və dövlətin bu məsələni də həll edəcəyinə inanıram. Elə bil dövlətlə dindarlar arasında bir uçurum yaratmaq istəyirlər. Bu yoxdur. Olmayan yerdə bir şey yaratmaq istəyirlər. Bizim dindarlarımız öz dövlətini, dövlətçiliyini istəyən və onun tərəfdarı olan insanlardır". Şeyx işğal dövründə məscidlərin dağıdılmasına münasibət göstərməyənlərin indi hicab məsələsini gündəmə gətirməsini tənqid edib. O, Ağdam məscidində heyvanların saxlanılmasını əks etdirən şəkilləri dünyaya, o cümlədən müsəlman dövlətlərinə göndərdiyini xatırladıb: "Ermənilər məscidləri dağıtdılar. Amma bunlar dinmədi, səs çıxarmadılar. Bu qədər məscid dağıldı, heç bir köməklik də göstərmədilər. Amma bu gün hicab məsələsini ortaya qoyaraq dövlətə qarşı etiraz yaratmaq istəyirlər". Allahşükür Paşazadə bu cəhdlərin arxasında müəyyən şəxslərin dayandığını söyləyib və onlara müraciət edib: "Əbəs yerə zəhmət çəkməsinlər, qarşıdurma yaratmaq istəməsinlər. Heç bir şeyə nail ola bilməzlər. Mən buna inanıram". Allahşükür Paşazadə dindarları səbirli olmağa çağırıb və onların dövlətə, dövlətçiliyə bağlı olduqlarını qeyd edib. Allahşükür Paşazadə məsələnin təhsil qurumları və məktəb rəhbərləri vasitəsilə həllini tapacağına ümid etdiyini deyib. O, Prezident İlham Əliyevin İslama münasibətini və islamofobiyaya qarşı mübarizəsini də vurğulayıb. Allahşükür Paşazadə bütün dindarları dövlətçiliyi dəstəkləməyə çağırıb, şəhidlərin və onların ailələrinin adından istifadə edilməsinə qarşı çıxıb: "Bu dövlət bizə şəhidlərin əmanətidir, şəhid analarının əmanətidir", - deyə QMİ sədri bildirib. Məlumat üçün bildirək ki, Azərbaycanda son həftələrdə Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı qərarı ictimai müzakirələrə səbəb olub. Oktyabrın 12-də sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, hicablı şagird və müəllimlərin məktəbə daxil olmasına icazə verilməyib və bu, etirazlara yol açıb. Azərbaycan rəsmiləri ölkə üzrə hicabın qadağan edilmədiyini bəyan edərək, məktəblərdə dünyəvilik prinsipinə riayət olunduğunu vurğulayıblar. Daxili İşlər Nazirliyindən bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları qeydə alınıb və 37 nəfər saxlanılıb.

www.24news.ge