Haqqımızda Reklam
14 
Okt
2026
23:15
2
5
351

Ayda 27 min lari maaş, depozitdə 52 ABŞ dolları - Milli Bankının Birinci Vitse-prezidentinin hansı aktivləri var?

Gürcüstan Milli Bankının İdarə Heyətinin üzvü və birinci vitse-prezidenti Eterine Mikabadze əmlak bəyannaməsini cari ilin avqust ayında təqdim edib. 24News.ge xəbər verir ki, bəyannaməyə əsasən, Mikabadzenin Tbilisidə mənzili, Duşetidə torpaq sahəsi, paytaxtda qarajı və Chevrolet Cruze markalı avtomobili var. Belə ki, Eterine Mikabadze 2021-ci ildə Tbilisidə 82,2 kvadratmetr sahəsi olan mənzili 209 085 lariyə alıb. 2026-cı ildə isə Duşetidə 450 kvadratmetr torpaq sahəsini 66 728 lariyə satın alıb. Bundan başqa, onun 2022-ci ildə 24 417 lariyə aldığı Tbilisidə yerləşən qarajı da var. Avtomobilə gəlincə, bəyannaməyə görə, Mikabadze 2022-ci ildə Chevrolet Cruze markalı avtomobil üçün 23 175 lari ödəyib. Bəyannamənin təqdim edildiyi vaxt onun bank əmanətlərində 205 000 lari, 52 400 ABŞ dolları və 6 400 avro olub. Bundan əlavə, çoxvalyutalı universal hesabında 7 785 lari, standart bank hesabında isə 82,77 lari vəsait qeydə alınıb. Sənədə əsasən, Mikabadze ötən il Gürcüstan Milli Bankının İdarə Heyətinin üzvü və birinci vitse-prezidenti vəzifəsində çalışaraq vergilər çıxıldıqdan sonra 326 688 lari əməkhaqqı alıb. İlia Dövlət Universiteti və Gürcüstan Milli Universitetində müəllimlik fəaliyyətinə görə isə ümumilikdə 2 190 lari gəlir əldə edib. Bəyannamədə qeyd olunur ki, Mikabadze ötən il qardaşına verdiyi 30 000 lari məbləğində krediti geri alıb. Eyni zamanda, dostuna kredit şəklində eyni məbləğdə — 30 000 lari borc verib. Ötən il o, ipoteka kreditinin ödənilməsi üçün 168 219 lari xərcləyib. Bundan əlavə, Duşetidə torpaq sahəsinin alınması üçün ödənilməli olan məbləğin 33 454 lari hissəsini ödəyib. Bəyannaməyə əsasən, 2025-ci ildə Mikabadzenin səyahət xərcləri 5 290 lari, müalicə xərcləri isə 13 500 lari təşkil edib. Məlumat üçün bildirək ki, Eterine Mikabadze 2021-ci ilin iyul ayından Gürcüstan Milli Bankının İdarə Heyətinin üzvüdür. O, 2025-ci il fevralın 10-dan birinci vitse-prezident vəzifəsini tutur. 2023–2025-ci illərdə isə Milli Bankın vitse-prezidenti olub. Bundan əvvəl, 2018–2021-ci illərdə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyində nazir müavini və birinci müavin vəzifələrində çalışıb. 2016–2018-ci illərdə Gürcüstan Maliyyə Nazirliyinin Makroiqtisadi Təhlil və Fiskal Siyasətin Planlaşdırılması Departamentində işləyib. Müxtəlif dövrlərdə Gürcüstan Milli Bankında və Dövlət Statistika Departamentində də vəzifələr tutub. Bundan başqa, Mikabadze 2011-ci ildən bu günədək akademik fəaliyyətlə məşğuldur və iqtisadiyyat və biznesin idarə edilməsi sahələri üzrə müəllim kimi çalışır.

www.24news.ge