Haqqımızda Reklam
13 
Okt
2026
14:34
6
2
242

Gürcüstan ABŞ-ın dəstəyi ilə Rusiya sərhədində yeni sərhəd-mühafizə məntəqəsi istifadəyə verib

Daxili işlər naziri Sulxan Tamazaşvili Sərhəd Polisinin Quru Sərhədinin Mühafizəsi Departamentinin Rusiya ilə sərhəddə, Raça bölgəsində “Mamisoni” sərhəd sektorunun yeni binasının açılışını edib. 24News.ge xəbər verir ki, tədbirdə ABŞ-ın Gürcüstandakı səfirinin müvəqqəti işlər vəkili Kortni Ostrian da iştirak edib. Sərhəd sektorunun yeni binasının tikintisi ABŞ Avropa Komandanlığının, ABŞ-ın Gürcüstandakı səfirliyinin Narkotiklərlə Mübarizə Administrasiyasının və Regional Təhlükəsizlik Ofisinin dəstəyi ilə həyata keçirilib. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən sərhəd sektoru müasir inventar və ən yeni texniki avadanlıqlarla təchiz olunub. Binanın infrastrukturu ərazinin mürəkkəb iqlim şəraiti nəzərə alınmaqla qurulub. Bu da sərhədçilərin xidməti vəzifələrini səmərəli yerinə yetirmələri və gündəlik fəaliyyətləri üçün lazımi şərait yaradır. Açılış zamanı daxili işlər naziri sərhədçilərə xidmətlərinə görə təşəkkür edib və peşə fəaliyyətlərində uğurlar arzulayıb. Sulxan Tamazaşvili layihəyə göstərilən dəstəyə görə ABŞ tərəfinə də minnətdarlığını bildirib. Tədbirdə daxili işlər nazirinin müavini Qaqa Kirkitaşvili, Sərhəd Polisinin rəisi Davit Tamazaşvili və Daxili İşlər Nazirliyinin digər rəhbər şəxsləri də iştirak ediblər.

www.24news.ge